Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyində Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə təntənəli tədbir keçirilmişdir
25 dekabr tarixində Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyində Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə hər edilmiş təntənəli tədbir keçirilmişdir.
Rusiyanın müxtəlif bölgələrindən və 55 şəhərindən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları artıq ikinci il Səfirlik tərəfindən təşkil olunan tədbirdə iştirak etmək üçün Moskvaya gəlmişdirlər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına müraciətinin mətni oxunmuşdur.
Sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarını salamlayaraq görüşə toplaşanları həmvətənlərimizin birləşməsi və yaşadıqları ölkədə mövqelərinin möhkəmlənməsi sahəsində ölkəmizin dövlət siyasəti haqqında ətraflı məlumatlandırmışdır. P.Bülbüloğlu xüsusi qeyd etmişdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir və həmvətənlərimiz bu tarixi mühüm bayramlardan biri kimi qeyd edirlər. Səfirin sözlərinə görə, həmvətənlər arasında əlaqələrin inkişafı, bütün dünyada diaspor təşkilatlarının yaradılmasına kömək, həmvətənlərimizin tarixi Vətənlə əlaqələrinin güclənməsi Azərbaycanın dövlət siyasətinin əsas tərkib hissəsidir: "Azərbaycan dövləti həmvətənlərimizin birləşməsinə və onların dünyada mövqelərinin möhkəmlənməsinə çox böyük əhəmiyyət verir və Azərbaycan diasporunun ciddi ictimai qüvvəyə çevrilməsi üçün hər yerdə geniş miqyaslı iş davam edir", - deyən səfir P.Bülbüloğlu daha sonra əlavə etmişdir: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq fəlsəfəsi bu gün fəal şəkildə həyata keçirilir və Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan diasporunun birləşdirilməsi üzrə milli siyasəti uğurla davam etdirir". O xüsusi vurğulamışdır ki, dövlətimiz ümumi vəzifəmizin birgə səylərlə həyata keçirilməsi üçün Rusiyada Azərbaycan diasporunun möhkəmlənməsinə və təşkilatlanmasına böyük əhəmiyyət verir. Azərbaycanın Rusiyadakı səfiri bir məqamı da xüsusi qeyd etmişdir ki, həmvətənlərimizin birləşmək və həmrəy olmaq arzusu güclənilir, milli identiklik və milli mənlik şüuru möhkəmlənir. Onun fikrincə, diasporun qarşısında duran əsas vəzifələrdən biri ölkəmizin bütün istiqamətlərdə qazandığı uğurları təbliğ etmək, onun müsbət imicini təmin etmək, ölkəmizə qarşı böhtan siyasətinə müqavimət göstərmək üçün fəal, güclü mövqe tutmaqdır.
Diplomat xüsusi vurğulamışdır ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən günə artır və Azərbaycan bütün göstəricilərinə əsasən regional liderə çevrilib. O bildirmişdir ki, Azərbaycanın əldə etdiyi uğurlarda bütün həmvətənlərimizin, o cümlədən Rusiyada yaşayanların payı var, həmvətənlərimizin həmrəylik və birlik göstərmələri olduqca vacibdir.
Səfir Polad Bülbüloğlu iştirakçılar qarşısındakı çıxışını Ümummilli lider Heydər Əliyevin mən həmişə Azərbaycanlı olmağımla fəxr etmişəm və bu gündə edirəm fikri ilə yekunlaşdırdı.
Səfir diaspora təşkilatlarının təmsilçilərini qarşıdan gələr bayramlar münasibəti ilə təbrik etdi, onlara can sağlığı və yeni uğurlar arzuladı.
Tədbirin davamında söz Azərbaycan diasporunun regional təşkilatlarının nümayəndələrinə verilmişdir. Onlar öz çıxışlarında ölkə rəhbərliyinin Vətənin hüdudlarından kənarda yaşayan azərbaycanlılara diqqətinə görə təşəkkürlərini bildirmişlər. Xüsusi qeyd edilmişdir ki, hər bir diasporun gücü onun vəhdətindədir. Rusiyada Azərbaycan diasporunun ən yaxşı nümayəndələri Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə verdikləri töhfəyə görə respublikamızın Rusiyadakı səfirliyinin fəxri fərmanları ilə təltif edilmişlər.
Təltif edilənlər sırasında Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan dilini öyrənən və həmin gecədə Azərbaycan dilində ədəbi kompozisiya ilə çıxış etmiş 7 tələbəsi də təltif edilmişdir. Mərasim başa çatdıqdan sonra təntənəli qəbul olmuşdur.
Tədbir sonunda qonaqlara Səfirlik adından bayram ziyafəti verilmişdir.