Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır
Cari ilin 19 oktyabr tarixində Heydər Əliyev Fondu və Səfirliyin təşkilatı dəstəyi ilə Rusiyanın M.İ.Rudomino adına Xarici Ədəbiyyat Dövlət Kitabxanasında MDB ölkələri arasında ilk olan Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılışı baş tutmuşdur.
M.İ.Rudomino adına Xarici Ədəbiyyat Dövlət Kitabxanasının beynəlxalq əlaqələr üzrə direktor müavini Svetlana Qoroxova öz çıxışında Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını vacib və əlamətdar hadisə kimi qiymətləndirdi. Bu layihənin Səfir Polad Bülbüloğlunun təşəbbüsü, kitabxana rəhbərliyi Ekaterina Geniyevanın razılığı və Heydər Əliyev Fondunun təşkilatçılığı nəticəsində həyata keçirildiyini vurğuladı.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öz çıxışında bu layihəni iki xalqın mədəni əlaqələrinin daha da yaxınlaşmasında əlamətdar hadisə olduğunu bildirdi. Bu mərkəzin yaşından və milliyyətindən asılı olmayaraq ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə maraqlanacaq hər kəs üçün faydalı məndə olacağına ümid etdiyini bildirdi. Leyla Əliyeva qeyd etdi ki, mərkəzdə Azərbaycan barədə geniş məlumatları əks etdirən kitablar, disklər, filmlər toplanıb, "burada Azərbaycanın dahi şəxsiyyətlərinin, yazıçıların, şairlərin, rəssamların, bəstəkarların yaradıcılığı ilə və təbiətin gözəllikləri, Bakı şəhərinin arxitekturası ilə tanış olmaq olacaq. Mərkəzdə yaradıcılıq axşamlarının, sərgilərin, seminarların təşkil etmək, Azərbaycanın tanınmış simaları ilə görüşlərin keçirtməyi planlaşdırılır". Çıxışının yekununda o, "qonaqların sayının artacağına güman edirik, qapılar hamı üçün açıq olacaq" dedi.
Azərbaycanın Səfiri Polad Bülbüloğlu mədəniyyət mərkəzinin açılışını Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi çərçivəsində baş tutmasının əlamətdar hadisə olduğunu qeyd etdi. Bu gün Azərbaycanın bir çox sahədə sürətlə inkişaf etdiyini və nümunə kimi yaxın günlərdə Bakıda Azərbaycan və Rusiya Prezidentlərinin himayəsi altında keçirilmiş Beynəlxalq Humanitar Forumu nümunə kimi göstərdi. Forumda dünyadan iştirak edən tanınmış qonaqlar bəşəriyyəti narahat edən qlobal problemləri müzakirə etmişdirlər. Səfir mədəniyyət mərkəzi sahəsində Rusiya və Azərbaycan mütəxəssislərinin əməkdaşlıq çərçivəsinin genişlənərək iki ölkənin mədəni-ictimai əlaqələrini də əhatə edəcəyini vurğuladı.
Tədbirdə həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisa Mustafayaeva, kitabxananın foyesində "Bakı və Bakılılar 30 il keçdikdə" başlıqlı sərgisi keçirilən Azərbaycan və Rusiyanın fəxri rəssamı, YUNESKO-nun rəssamlar beynəlxalq federasiyasının üzvü Əşrəf Heybətov çıxış etmişdirlər. Rəsmi hissədən sonra qonaqlar rəssamın sərgisinə baxış keçirmişdilər.
Açılış mərasimində ABŞ, Fransa, Bolqarıstan, Niderland, Yaponiya, Latın Amerika dövlətləri mərkəzlərinin və Avropa Şurasının informasiya agentliyinin nümayəndələri, o cümlədən diaspor üzvləri və gənclər iştirak etmişdirlər.