Domodedovoda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunmuşdur
25 dekabrda moskvaətrafı Domodedovo şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli mərasim keçirilmişdir. Tədbir Rusiyanın əməkdar inşaatçısı, "Günay" kommersiya firmasının prezidenti Əlizaman Rəhimovun rəhbərlik etdiyi Domodedovo Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti - "Kaspi" tərəfindən təşkil olunmuşdur.
Tədbirin fəxri qonaqları sırasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ölkəmizin Sanat-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Yekaterinburqdakı konsulu Soltan Qasımov, Moskva merinin müavini Nikolay Lyamov, Domodedovo şəhər administrasiyasının rəhbəri Dmitri Qorodetski, həmçinin digər rəsmi şəxslər olmuşlar.
Səfir Polad Bülbüloğlu Azərbaycanın 20 ildə əldə etdiyi nailiyyətlər haqqında qısaca danışaraq, bu nailiyyətlərin qazanılmasına son zamanlar mütəşəkkilləşməsi daha da artan Rusiya azərbaycanlılarının da tövhə verdiyini qeyd etmişdir. O xatırlatmışdır ki, Moskva və regionlarda fəallaşan Azərbaycan diaspor təşkilatları azərbaycan milli-mədəniyyət mərkəzləri açır, yerli hakimiyyətlə əlaqələrdə yaradıcı iş aparır, Rusiyanın sosial-iqtisadi və ictimai-siyasi həyatında iştirak edirlər. Səfir nümunə kimi Yaroslavl Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti tərəfindən Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan mədəniyyətinin inkişafına dəstək mərkəzi tərəfindən Moskvada uşaq bağçasının açılmasını göstərdi. Polad Bülbüloğlu Əlizaman Rəhimovun xidmətlərini xüsusilə vurğulamış, onun rəhbərliyi altında Domodedovo şəhərində sosial əhəmiyyətli obyektlərin tikildiyini və tikilməkdə olduğunu qeyd etmiş, bunların Rusiyada azərbaycanlıların imicinin yüksəlməsinə və iki ölkə və xalq arasında ikitərəfli əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirmişdir.
Polad Bülbüloğlu həmçinin Azərbaycanla Rusiya arasında mövcud olan yüksək səviyyəli strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında danışmış və Rusiyadakı azərbaycanlıların bu münasibətlərin inkişafında və möhkəmlənməsində əhəmiyyətli rolunu qeyd etmişdir.
Moskva merinin müavini Nikolay Lyamov Moskva və Moskva ətrafı şəhərlərdə əldə olunmuş bir çox nailiyyətlərin məhz azərbaycanlıların adı ilə bağlı olduğunu bildirmişdir. Bununla əlaqədar, o, Əlizaman Rəhimov tərəfindən həyata keçirilmiş genişmiqyaslı layihələrin adını çəkmiş və qeyd etmişdir ki, məhz qarşılıqlı əlaqələrin belə formatı bizim ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik tarixi əlaqələrin inkişafına, həm də Rusiya Federasiyasında millətlərarası sülh və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Moskva vilayəti hökumətinin iqtisadiyyat naziri Vyaçeslav Krımov, həmçinin Domodedovo şəhər administrasiyasının rəhbəri Dmitri Qorodetski Moskva merinin müavinin fikirlərini bölüşmüş, Ə.Rəhimovun xidmətlərini yüksək qiymətləndirmiş, onun rəhbərlik etdiyi "Günay" şirkətinin uşaq bağçalarının, məktəblərin, yolların, sosial təyinatlı obyektlərin tikintisində, köhnəlmiş evlərin sökülməsində və vətəndaşların yeni evlərə yerləşdirilməsində töhfələrini vurğulamışlar.
Ümumrusiya Azərbaycan Konqresinin Baş katibi Mikayıl Hüseynov qeyd etmişdir ki, Azərbaycan xalqının Əlizaman Rəhimov kimi nümayəndələrinin gördüyü xoş işlər bir tərəfdən bugünkü Azərbaycanın reallıqlarının təbliğinə xidmət edir, digər tərəfdən isə bizim xalqlarımız arasında çoxəsrlik sıx və möhkəm münasibətlərin sarsılmazlığını sübut edir.
Domodedovo Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti - "Kaspi"nin sədri Ə.Rəhimov qeyd etmişdir ki, iyirmi min azərbaycanlının yaşadığı Domodedovo şəhərində bundan sonra da onların Rusiya cəmiyyətinə tam həcmli inteqrasiyası, azərbaycanlılarının imicinin yüksəldilməsi, Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsi üçün hər şey ediləcəkdir. Ə.Rəhimov qonaqlara onun əməyinə verdikləri yüksək qiymətə görə təşəkkürünü bildirmiş və bütün iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni 2012-ci ilin gəlişi münasibətilə təbrik etmişdir.
Konsert proqramında Azərbaycanın xalq artisti Səməd Səmədov, Rusiyanın xalq artisti Lev Leşenko, Azərbaycanın əməkdar artisti Sərxan Sərxan, musiqi kollektivləri və uşaq ansamblları çıxış etmişlər.