Moskvada "MDB gəncləri ictimai diplomatiyanın gələcəyidir" başlıqlı forum keçirilmişdir

14 dekabrda Moskvada MDB ölkələrindən siyasi, ictimai, elmi və işgüzar dairələrin gənc nümayəndələrinin Rusiyaya səfər proqramlarının əsas tədbiri olan "MDB gəncləri ictimai diplomatiyanın gələcəyidir" başlıqlı forum keçirilmişdir. Forumun işində Azərbaycan gənclərinin nümayəndələri də (Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Assosiasiyası, Azərbaycanın Gənc Tələbə Təşkilatları İttifaqı, Azərbaycanın Rus Gənclər Assosiasiyası və başqa təşkilatlar) iştirak etmişlər.

Təntənəli mərasimdə Rusiya Federasiyasının MDB və xaricdə yaşayan həmvətənlərin işləri və beynəlxalq humanitar əməkdaşlıq üzrə federal agentliyinin ("Rossotrudniçestvo") rəhbəri Farit Muxametşin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu, Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının Baş direktoru Andrey Kortunov, "Rossotrudniçestvo"nın rəhbərinin müavinləri İqor Morozov və Georgi Muradov, RF XİN-in MDB departamentinin direktorunun müavini Andrey Şvedov, Dövlət Dumasının deputatı Ramazan Abdulatipov və digər şəxslər iştirak etmişlər.

"Rossotrudniçestvo"nun rəhbəri Farit Muxametşin salamlama nitqi ilə çıxış etmişdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu öz nitqində iştirakçılara müraciət edərək demişdir: bu tədbir məqsədi “MDB məkanında gənclərə bir-birləri ilə ünsiyyət qurmaq, bir-birlərini daha yaxından tanımaq və başa düşmək imkanı vermək” olan ilk belə forumdur. Çünki məhz belə dostluq anlayışı yaranır. Səfir daha sonra demişdir: "SSRİ-də xalqların dostluğu şüarı çox dəbdə idi. Bunun arxasında nə dururdu? Əlbəttə ki, bir-biri ilə dostluq edən ayrı-ayrı insanlar arasındakı qarşılıqlı əlaqə. Məhz bundan da müxtəlif xalqlar arasında dostluq yaranır. Bu dostluğun müxtəlif milli xüsusiyyətləri, dini, həyat baxışları, mentaliteti olan insanların yaşadığı keçmiş SSRİ məkanında yaranması üçün bizim hamımızın, xüsusilə gənclərin bir-birlərini başa düşmələrini öyrənmələri vacibdir".

Polad Bülbüloğlu daha sonra qeyd etmişdir ki, məhz MDB məkanında inteqrasiya proseslərinin böyük əhəmiyyətini başa düşənlər tərəfindən MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu yaradılmışdır. Fondun idarə heyətinin sədri kimi o qeyd etmişdir ki, Fond mövcud olduğu 5 il kimi qısa vaxt ərzində bu inteqrasiya üçün çox şey etmişdir, ildə 120-dən çox layihə həyata keçirilir. Fond müxtəlif tədbirlərdə iştirak edir, bəzi hallarda onları qismən, bəzən isə tam şəkildə maliyyələşdirir. Forum gənc iştirakçılarına müraciət edən Səfir demişdir ki, DHƏF onların da maraqlı layihələrini dəstəkləməyə hazırdır.

Xalq diplomatiyasından danışan Səfir onun MDB məkanında mövcud olan münaqişələrin həlli üçün əhəmiyyətini qeyd etmişdir. O, Azərbaycan və Ermənistan arasında qanlı və uzun sürən münaqişəni yada salaraq demişdir ki, belə problemləri ört-basdır etmək deyil, əksinə araşdırmaq, dərk etmək və çıxış yolları axtarmaq lazımdır.

Nümunə kimi Səfir onun və Ermənistanın RF-dəki keçmiş Səfiri Armen Smbatyanın təşkilatçılığı ilə 2007-ci ildə Azərbaycan və Ermənistan ziyalılarının Dağlıq Qarabağa, Ermənistana və Azərbaycana səfərlərini göstərmişdir.

"Belə əlaqələr qan tökməkdən qaçınmaq üçün bir-birimizi başa düşmək imkanı verir. Biz 2009-cu ildə bir daha belə bir aksiya keçirməyə nail olduq. Bu daha mürəkkəb və daha kəskin oldu. Keçən il MDB ölkələrinin gənc simfonik orkestrinin tərkibində həm Azərbaycan, həm də Ermənistan gənclərinin nümayəndələri var idi. Onlar orkestrlə bir yerdə Amerikada olmuş və BMT-də çıxış etmişlər, Fransada olmuş və YUNESKO-nun binasında çıxış etmişlər, MDB paytaxtlarında qastrol səfərlərində olmuş, Bakı və Yerevanda çıxış etmişlər.

Əlbəttə, bizi buna görə tənqid edən, hətta bizə qarşı mitinqlər təşkil edən adamlar da var, lakin sağlam düşüncəli insanların əksəriyyəti başa düşürlər ki, başqa variant yoxdur, üst-üstə düşən nöqtələri, beynəlxalq hüquq çərçivəsində hansısa güzəştləri axtarmaq lazımdır".

Səfir daha sonra Azərbaycanda gənclərə ilk növbədə Prezident İlham Əliyev tərəfindən diqqətli münasibət, gənclərin dünyanın nüfuzlu universitetlərində dövlət hesabına oxumasında imkan verən "Azərbaycan gəncliyi" dövlət proqramının qəbulu haqqında danışmışdır. "Dövlət çox yaxından gənclərlə məşğul olur. Gənclərin idmanla məşğul olması, fiziki sağlam böyüməsi üçün bütün ölkədə idman mərkəzləri və məktəblər tikilir. İdmanla məşğul olan yəqin ki, artıq heç vaxt pis yola düşməz və həmişə güclü kimi zəiflərə kömək edər".

Polad Bülbüloğlunun çıxışı böyük maraqla qarşılanmışdır.

"Yeni Avrasiya" Fondunun prezidenti Andrey Kortunov, Dövlət Dumasının deputatı Ramazan Abdulatipov və RF XİN-in MDB ölkələri idarəsinin direktor müavini Andrey Şvedov da gənclər qarşısında çıxış etmişlər.

Çıxışlardan sonra Farit Muxametşin, Polad Bülbül oğlu, Georgi Muradov və Ramazan Abdulatipovun iştirakı ilə mətbuat üçün brifinq təşkil edilmişdir. Farit Muxametşin xüsusi olaraq jurnalistlər üçün gənclər mübadiləsi proqramları, agentliyin MDB məkanında gənclərlə işi və "Rossotrudniçestvo"nun fəaliyyətinin digər aspektləri barədə ətraflı məlumat vermişdir. Daha sonra jurnalistlər onları maraqlandıran sualları vermişlər.

Eyni gün baş tutan bölmələr və dəyirmi masalar çərçivəsində iştirakçılar müasir çağırışlar və ictimai gənclər diplomatiyasının rolu, post-sovet məkanında gənclərin əməkdaşlığının əsas istiqamətləri, ictimai diplomatiyanın qabaqcıl metod və texnologiyaları, sosial vəzifələr, kadrların hazırlanması məsələləri, MDB məkanında informasiya siyasəti kimi vacib mövzuları müzakirə etmişlər.

Görüşün sonunda iştirakçılar müzakirələrə yekun vuraraq Forumun Qətnaməsini qəbul etmişlər.