Azərbaycanlı iqtisadçı-tədqiqatçıların "Azərbaycanın münaqişə sonrası ərazilərinin bərpası: konseptual əsaslar" kitabının Moskvadakı təqdimatı
Cari ilin 17 oktyabr tarixində Moskvada Rusiya Dövlət Humanitar (RDHU) Universitetində "Vestnik Kafkaza" informasiya agentliyi, Keçmiş sovet məkanı ölkələri kafedrasının və Qafqazın və Azərbaycan üzrə Strateji Araşdırmalar İnstitutunun təşkilatı dəstəyi ilə "Azərbaycanın münaqişə sonrası ərazilərinin bərpası: konseptual əsaslar" kitabın təqdimat mərasimi baş tutmuşdur.
Tədbirdə açılış nitqi ilə çıxış edən Universitetin rektoru Efim Pivovar təqdimatın Azərbaycanın müstəqilliyinin 20-ci il dönümü günlərində keçirildiyini qeyd etdi. Onun fikrincə kitabda toxunulan mövzu olduqca aktualdır, çünki münaqişələr həll olunduqda gec ya tez sülhlə nəticələnir və irəlidə iqtisadi məsələlərin həlli zərurəti yaranır.
Kitabın müəllifləri "Qafqaz və qlobalizasiya" elmi toplusunun baş redaktoru Nazim Müzəffərli və "Qafqaz" strateji araşdırmalar İnstitutunun müdiri Eldar İsmaylov öz çıxışlarında tədbir iştirakçılarına elmi tədqiqatları barədə danışaraq, bunun siyasətçilərin deyil iqtisadçıların işi olduğunu qeyd etdilər. Elmi tədqiqat işinin münaqişə sonrası dövrü əhatə etdiyini, işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurma işlərinin aparılması ilə bağlı təhlildə texniki-iqtisadi məqamların həllinin nəzərdə tutulduğunu bildirdilər.
Kitabın müzakirələrində giriş sözlərinin müəllifləri, Con Hopkins Universitetinin professoru Frederik Star, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi analiz və informasiya təminatı şöbəsinin bölmə müdiri Fərhad Məmmədov, Milli Məclisin deputatı, siyasi analitik Rasim Musabəyov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Keçmiş Sovet məkanı tədqiqatlar mərkəzinin müdiri Stanislav Çernyavskiy, politoloqlar Qriqoriy Trofimçuk, Aleksey Vlasov, İsmayıl Ağakişiyev, Rövşən İbrahimov və digərləri çıxışlar etmişdirlər.
Çıxış edənlərin çoxu kitabın mahiyyətinin münaqişə sonrası problemlərin həllində real və konkret təkliflərin əks olunması ilə əlaqələndirdilər.
Tədbirdə tanınmış ekspertlər və politoloqlar, diaspor üzvləri və Rusiyanın Azərbaycanlı Gəncləri (AMOR) Təşkilatının nümayəndələri, RDHU-nun professor və tələbə heyəti, qeyri hökumət və ictimai təşkilatların nümayəndələri iştirak etmişdirlər.
Kitabın təqdimat mərasimi Səfirliyin dəstəyi və diplomatların iştirakı ilə baş tutmuşdur.