Valentina Matviyenko: "Ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədə fəal şəkildə dəstəklənir"
Dekabrın 23-də Moskvada Federasiya Şurasında "MDB iştirakçı-dövlətlərin Parlamentlərarası Assambleyası və MDB iştirakçı-dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu arasında qarşılıqlı fəaliyyət haqqında Memorandum" imzalanmışdır.
Sənədi Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyenko və Azərbaycan Respublikasının Ruisya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin sədri Polad Bülbüloğlu imzalamışlar.
Qarşılıqlı fəaliyyət haqqında memorandumda inteqrasiya proseslərinin dərinləşdirilməsi, mədəniyyət, təhsil, elm, informasiya və kütləvi kommunikasiyalar, gənclər siyasəti sahələrində qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin MDB-nin inkişafının mühüm sistem yaradıcı amili kimi humanitar sahədə səmərəli əməkdaşlıq üçün lazımi şərait və imkanların təmin edilməsi məqsədi ilə tərəflər arasında əməkdaşlıq nəzərdə tutulur.
Sənəd imzalanmamışdan əvvəl Valentina Matviyenko təbrik nitqi ilə çıxış edərək DHƏF-in postsovet məkanında xalqların inteqrasiyasına yönəlmiş fəaliyyətini yüksək qiymətləndirmiş və əmin olduğunu bildirmişdir ki, imzalanacaq sənəd Birlik ölkələri arasında mədəni və humanitar əlaqələrin möhkəmlənməsi üçün yeni imkanlar yaradacaqdır. Çox əhəmiyyətli haldır ki, postsovet məkanında inteqrasiya prosesləri MDB üzvü olan dövlətlər arasında ikitərəfli əsasda əməkdaşlığın fəal inkişafı ilə tamamlanır və uğurlu şəkildə uzlaşır. Valentina Matviyenko demişdir: "Yaxşı nümunə kimi Rusiya-Azərbaycan əlaqələrini göstərə bilərəm. Bizim ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədə fəal şəkildə dəstəklənir, başa çatmaqda olan ildə əmtəə dövriyyəsi rekord məbləğdə - 3 milyard dollardan çox olacaqdır. Mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq durmadan inkişaf edir, bizim parlamentlərarası komissiya çox səmərəli işləyir". Federasiya Şurasının sədri Səfir Polad Bülbüloğlunun DHƏF-in İdarə Heyətinin sədri vəzifəsində fəaliyyətini yüksək qiymətləndirmişdir. "Bilirik ki, DHƏF MDB-də ümumi humanitar məkanın bərpa edilməsi məsələsinin həllinə çox mühüm töhfə verir və biz birlik məkanında humanitar sahədə sizin çox böyük, fədakar işinizi minnətdarlıqla qeyd edirik. Sizi təkcə Azərbaycanın fəxri və bir növ ümummilli sərvəti deyil, bütövlükdə MDB-nin mədəni sərvəti hesab edirəm" deyən Valentina Matviyenko Polad Bülbüloğlunun rəhbərlik etdiyi Fondun adının bütün postsovet məkanında ildən-ilə daha ucadan səslənəcəyinə əmin olduğunu bildirmişdir.
Polad Bülbüloğlu cavab nitqində Valentina Matviyenkoya əməkdaşlığa görə təşəkkürünü bildirdi və qeyd etdi ki, belə mühüm sənədin imzalanması gələcək əməkdaşlıq üçün qanunvericilik bazası və şərait yaradır. O, DHƏF-in əsas fəaliyyət istiqamətləri haqqında söhbət açaraq qeyd etmişdir ki, Fond bütün MDB məkanında fəal iş aparır və hər il 100-dən çox tədbir keçirir. "MDB-nin Parlamentlərarası Assambleyası kimi nüfuzlu orqanlar tərəfindən dəstəklənmək çox vacibdir".Səfir xüsusilə vurğulamışdır ki, Fondun əsas fəaliyyəti müstəqil dövlətlərdə yeni şəraitdə böyümüş gənclərlə işə yönəldilmişdir. Polad Bülbüloğlu demişdir: "Gənclərin bir-birinə, başqa xalqların ənənələrinə, mədəniyyətinə və tarixinə anlayış və hörmətlə yanaşması çox vacibdir". Polad Bülbüloğlu həmçinin xüsusilə vurğulamışdır ki, başçılıq etdiyi Fond postsovet məkanında mədəniyyətlərin qarşılıqlı əlaqəsi və daha sıx inteqrasiyası üçün hər şey edir və bu fəaliyyət davam etdiriləcəkdir.
Sənəd imzalandıqdan sonra Valentina Matviyenko və Polad Bülbüloğlu jurnalistlərin suallarını cavablandırmışlar.