General-leytenant Aleksandr Volox cəsarət və vətəndaş mövqeyinə görə Azərbaycan Parlamenti tərəfindən medalla təltif olunmuşdur
Cari ilin 9 noyabr tarixində Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Füzuli rayonunun keçmiş hərbi komendantı, daxili xidmətin istefada olan general-leytinantı Aleksandr İvanoviç Voloxun Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalı ilə təltif etmə mərasimində iştirak etmək məqsədi ilə Sankt-Peterburqa səfər etmişdir. Sankt-Peterburqun Tavriçeski Sarayında Milli Məclisin sədri Oqtay Əsədov təntənəli surətdə A.Voloxa mükafatını təqdim etdi.
Oqtay Əsədov Azərbaycan xalqı qarşısındakı xidmətlərinə görə A.Voloxa öz minnətdarlığını bildirərək, onun cəsarət və vətəndaş mövqeyinə görə mükafatlandırıldığını qeyd etdi. Hələ 1991-ci ildə, separatçı qruplaşmaların Dağlıq Qarabağda özbaşınalıqlar törətdikləri zaman, Füzuli rayonun komendantı olaraq Aleksandr Volox sovet zabitinin əsl şücaət və cəsarət nümayiş etdirdiyini bildirdi. Onun köməyi ilə yüzlərlə azərbaycanlı uşağı, qadını və yaşlı xilas edilmişdir. Oqtay Əsədov "O tarixdən 20 il keçib, xilas edilmiş uşaqlar böyüyüb və mən azərbaycan xalqı adından sizə öz təşəkkürümü bildirmək istəyirəm" dedi.
Cavab sözündə A.Volox "Biz o zaman mükafatları düşünmürdük, öz borcumuzu yerinə yetirirdik, xoşbəxtəm ki belə köməyi edə bildim. Mükafat onunla qiymətlidir ki, insanların məhvinə görə yox, xilasına görə mənə verilib. Haqq əməllər tanınmalıdır və buna görə mən Azərbaycana minnətdaram. Düşünürəm ki, bizim Azərbaycanımızı çiçəklənməyə davam edəcək və haqq öz yerini tapacaqdır" dedi.
Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu A.Voloxu təbrik etdi və Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək inkişaf səviyyəsini qeyd edərək "Bu gün ölkələrimiz arasındakı münasibətlər elə bir səviyyədədir ki, heç kəs onları poza bilməz, halbuki buna cəhdlər göstərilir, təxribatlar törədilir. Amma bunların hamısı başdan uğursuzdur" bildirdi.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Qudsi Osmanov Azərbaycan tərəfindən Aleksandr Voloxun yüksək mükafatla təltif olunmasının əlamətdar hadisə olduğunu və azərbaycan xalqının onun qəhrəmanlığına qarşı minnətdarlığını ifadə etdiyini bildirdi.
1991-ci ilin oktyabr ayında Dağlıq Qarabağın onlarla Azərbaycan kəndinin qanunsuz silahlı formalaşmaların hücumuna məruz qaldığını qeyd etmək lazımdır. Minlərlə mülki insan, əsasən yaşlılar, qadınlar və uşaqlar davamlı atəş altına düşmüşdür. Onlar üçün tək xilas sovet hərbiçiləri tərəfindən qorunar nadir hərbi komendatura məntəqələri olmuşdur. Füzuli rayonunun hərbi komendantı A.Voloxun göstərişi əsasında komendaturanın azsaylı qüvvələri dinc əhalinin xilasına yönəldilmiş və əhalinin çoxunu xilas etmək mümkün olmuşdur.