M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunda Azərbaycana həsr edilmiş gecə keçirilmişdir

Dekabrın 5-də Moskvada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun təşəbbüsü ilə Azərbaycanın dövlət müstəqilliyini bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı gecə keçirilmişdir. İnstitutun dəyirmi zalında keçirilmiş tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu, institutun direktoru Mixail Meyer, müəllim və tələbələri iştirak etmişlər.

Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasında Azərbaycan dilini öyrənən rusiyalı tələbələr Azərbaycan dilində maraqlı proqram təqdim etmişlər. Onlar məşhur Azərbaycan mahnılarını və Azərbaycan ədəbiyyatı klassiklərinin şerlərini ifa etmişlər. Azərbaycan dili qrupunun ən yaxşı tələbələrindən biri olan Darya Barakinanın "Azərbaycanı sevək" şerini ifası coşqunluqla qarşılanmışdır. Tarda onu Qorxmaz Axundov müşayiət etmişdir.

İnstitutun tələbləri xüsusi olaraq gecə üçün dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" musiqili komediyasından Azərbaycan dilində səhnələr göstərmişlər. Bu səhnələrin hazırlanmasında tələbələrə Azərbaycanın əməkdar artisti Mərdan Feyzullayev, institutun Azərbaycan dili müəllimləri Cəfər Sadiq və Leyla İsmayılova kömək etmişlər.

Konsertdən sonra Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasının müdiri Jibek Sızdıkova tələbələrə təqdim etdikləri proqrama görə təşəkkürünü bildirdi. O qeyd etdi ki, zalda heç kim Azərbaycan musiqisinə və melodik Azərbaycan dilinə biganə qalmamışdır. O demişdir - "Bu gün hər birimiz özümüz üçün Azərbaycanın bir hissəciyini kəşf etdik. Biz mühüm addım atdıq, belə ki, bundan sonra hamı Azərbaycan və azərbaycanlılar sözlərini başqa cürə eşidəcəkdir". J.Sızdıkova Leyla Əliyevaya institutun Azərbaycan dili qrupuna göstərdiyi xüsusi diqqətə görə və Azərbaycan dili kabinetinin bütün zəruri avadanlıqlarla təchizində verdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir. Kafedra müdiri vurğulamışdır-"Sizin sayənizdə biz Azərbaycan dilindən sinxron tərcümələri, Azərbaycan musiqisini dinləyə bilir, Azərbaycan dilində kitablar oxuyuruq".

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Moskvanın mərkəzində, qocaman ali məktəbdə Azərbaycanın dövlət müstəqilliyini bərpa edilməsinin 20-ci ildönümünün qeyd edilməsi ideyasına görə minnətdarlığını bildirmişdir. Səfir demişdir - "Bu rusiyalı tələbələrin çox gözəl təşəbbüsüdür və bizim üçün əsl bayram oldu". O qeyd etmişdir ki, tələblərin Üzeyir Hacıbəylinin ölməz əsərini azərbaycan dilində ustalıqla ifa etmələri hamını yaxşı mənada təəccübləndirdi. "Bu bizim dostluğumuzda, qarşılıqlı əlaqələrimizdə növbəti addımdır". Diplomat həmçinin Rusiya Dövlət Dumasına keçirilən və son illərdə Rusiyanın inkişafı, Rusiya Federasiyasının MDB ölkələri ilə əlaqələrinin genişlənməsi və möhkəmləndirilməsi üçün çoxsaylı işlər görmüş "Yedinaya Rossiya" partiyasının qələbəsi ilə nəticələnən parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə toplaşanları təbrik etmişdir. Səfir həmçinin Leyla Əliyevaya gecədə iştirakına görə təşəkkür etmişdir. O vurğulamışdır ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Daha sonra Leyla Əliyeva, Səfir Polad Bülbüloğlu və institutun rəhbərliyi Heydər Əliyev Fondunun vitse-prezidentinin şəxsi dəstəyi ilə müasir texnika ilə təchiz edilmiş Azərbaycan dili kabineti ilə tanış olmuşlar.